ƏHQAF SURƏSİ
MƏKKƏ DÖVRÜ

ƏHQAF SURƏSİ

Nəcm: 275

1. Ha / 8, Mim / 40.[i]

2. Bu kitabın nazil edilməsi ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edən Allah tərəfindəndir.

3. Biz göyləri, yeri və onların ikisinin arasındakıları ancaq “haqq” ilə və “müəyyən bir müddət” üçün yaratdıq. O kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] isə xəbərdar edildikləri şeylərdən / xəbərdar edilməkdən üz döndərənlərdir.

4. De ki: “Allahın altındakılardan yalvardığınız şeyləri gördünüzmü / heç düşündünüzmü? Onlar, yer üzündə nəyi əmələ gətirmişlər, mənə göstərin. Yoxsa onların göylərdə bir şərikliyi var? Əgər siz doğru kimsələrsinizsə, mənə Qurandan əvvəlki bir kitab və ya elmdən bir əsər gətirin.”

5. Və Allahın altındakılardan, qiyamət gününə qədər özlərinə heç bir cavab verə bilməyəcək olan kəslərə dua edən kimsədən daha çox azğın kim ola bilər? Üstəlik, ibadət edilən kəslər, o [ibadət edən] kəslərin yalvarışlarından da xəbərsizdir.

6. İnsanlar bir yerə yığıldıqları zaman, ibadət etdikləri kəslər özlərinə düşmən oldular. Və onların, özlərinə ibadət etməyini qəbul etmədilər.

7. Və Bizim ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], özlərinə gələn “haqq” barədə: “Bu, açıq-aydın bir sehrdir!” dedilər.

8. Yaxud da onlar, “Quranı, Məhəmməd uydurdu” deyirlər. De ki: “Əgər mən onu uydurmuşamsa, mənə Allahdan gələcək şeyə qadir ola bilməzsiniz; məni Allah kimi cəzalandıra bilməzsiniz. O, sizin nəyin içinə atıldığınızı daha yaxşı bilir. Sizinlə mənim aramda şahid olaraq Allah yetər. Və O, çox bağışlayandır, çox rəhm edəndir.”

9. De ki: “Mən elçilərin ilki deyiləm. Və mən, mənə və sizə nə olacağını bilmirəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Və mən yalnız açıq-aşkar xəbərdarlıq edən biriyəm.”

10. De ki: “Heç düşündünüzmü? Əgər Quran, Allah tərəfindən isə və siz də onu bilə-bilə inkar etmişsinizsə, bununla birgə İsrail oğullarından bir şahid də onun bir bənzəri ilə şəhadət verib inanmışsa, siz də təkəbbür göstərsəniz… Şübhəsiz ki, Allah şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər tayfasını doğru yola yönəltməz.”

11. Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], iman etmiş kəslər haqqında: “Əgər bir xeyir, mənfəət olsaydı, onlar, o işdə bizi qabaqlaya bilməzdilər; əvvəl biz mömin olub mənfəəti biz götürərdik” dedilər. Bununla yönləndirildikləri doğru yola girmədikdə isə: “Bu köhnə bir uydurmadır” deyəcəklər.

12. Qurandan əvvəl də bir rəhbər və rəhmət olaraq Musanın kitabı var idi. Bax bu Quran da, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəsləri xəbərdar etmək, gözəl-yaxşı əməl işləyənlərə müjdə vermək üçün ərəbcə / ən mükəmməl ifadəylə təsdiqləyən bir kitabdır.

(66/46, Əhqaf / 1-12)

Nəcm: 276

13. Şübhəsiz ki: “Rəbbimiz Allahdır” deyib, sonra da doğru olan bu kəslər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməzlər.

14. Bax onlar cənnət əhlidir. İşlədikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar.

15. Və Biz insana, ana və atasına yaxşılıq-gözəllik etməyi öhdəlik olaraq tapşırdıq. Anası onu əziyyətlə daşımış və əziyyətlə yerə qoymuş / doğmuşdur. Və onun daşınması və ayrılması otuz aydır. Nəhayət insan, yetkinlik çağına çatdıqda və qırx ilə yetişdikdə: “Ey Rəbbim! Mənə və anama-atama ehsan etdiyin nemətlərin əvəzini verməyi və Sənin razı qalacağın yaxşı əməllər işləməyi mənə qismət et. Mənim üçün nəslimin içində düzəlişlər et / saleh kəslər ver. Şübhəsiz ki, mən Sənə yönəldim. Və mən, şübhəsiz, müsəlmanlardanam” dedi.

16. Müdrikləşmiş, şüurlanmış bu kəslər, onlara vəd olunan doğru vədin [yerinə yetirilməsi] üçün və özlərinə haqsızlıq edilmədən Allah tərəfindən əməllərinin əvəzinin tam ödənməsi üçün, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz və cənnət əhli arasında pisliklərdən hifz edəcəyimiz kəslərdir.

17. Və anasına-atasına: “Of, of! Siz məni, məndən əvvəl neçə-neçə nəsillər gəlib-keçmiş olduğu halda çıxarılmaqla / öldükdən sonra dirilməklə təhdid edirsiniz?” deyən kəs… Və anası-atası, Allaha yalvararaq: “Vay sənin halına! Gəl iman et, şübhəsiz ki, Allahın vədi həqiqətdir” deyər. Sonra da o: “Bu Quran, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil” deyər.

18. Anası-atası ilə iman barədə qarşıdurma yaşayan, axirətə inanmayan övladlar, özlərindən əvvəl gəlib-keçmiş, bilinən-bilinməyən bütün ümmətlər içərisində,[ii] əleyhlərindəki Sözün[iii] gerçəkləşdiyi kimsələrdir. Şübhəsiz ki, onlar, həqiqətən itkiyə / ziyana məruz qalıb əzab çəkən kəslər idilər.

19. Və hər kəs üçün işlədikləri əməllərdən müəyyən dərəcələr vardır. –Və onlar, haqsızlığa məruz qalmadan, Allahın onlara əməllərinin əvəzini tam olaraq verməsi üçündür.–

20. Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] atəş üzərinə yayılacaqları gün: “Siz müvəqqəti dünya həyatınızda bütün gözəl şeylərinizi xərclədiniz, onlardan faydalandıq, artıq yer üzündə nahaq yerə təkəbbür göstərməyiniz və haqq yoldan çıxdığınız üçün bu gün alçaldıcı bir əzab ilə əvəz alacaqsınız!”

(66/46, Əhqaf / 13-20)

Nəcm: 277

21. Ad [qövmünün] qardaşı Hudu da xatırla! O zaman o, Əhqafda öz qövmünə xəbərdarlıq etmişdi. –Onun əvvəlində və arxasında [hər tərəfində] , “Allahdan başqasına ibadət etməyin. Şübhəsiz ki, mən sizin üçün böyük bir günün əzabından qorxuram” deyə xəbərdarlıq edənlər gəlib-keçmişdi.–

22. Onlar: “Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, haydı, o bizi təhdid etdiyin əzabı dərhal gətir” dedilər.

23. Ad [qövmünün] qardaşı; Hud: “Şübhəsiz ki, o əzabın nə vaxt gələcəyinə dair məlumat Allah yanındadır. Mən isə sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizi cahillikdə inad edən  bir qövm olaraq görürəm” dedi.

24,25. Nəhayət onu, vadilərinə doğru gələn geniş bir bulud halında gördükdə: “Hə, bax, bu, bizə yağış gətirəcək bir buluddur!” dedilər, Xeyr, əksinə, o, tezləşdirmək istəyiniz şeyin məhz özü; Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edən, içində ağrılı bir əzab olan küləkdir… Axırda elə bir hala gəldilər ki, evlərindən başqa heç bir şey görünmürdü. Biz, günahkarlar qövmünü bax belə cəzalandırırıq.

26. Və and olsun ki, Biz sizi güclü etmədiyimiz şeylərdə onları güclü etmişdik; sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara da qulaqlar, gözlər və duyğular vermişdik. Buna baxmayaraq qulaqları, gözləri və duyğuları onlara heç bir fayda vermədi / onlardan heç bir şeyi dəf edə bilmədi. Çünki onlar Allahın ayələrini bilə-bilə inkar edirdilər. İstehza etdikləri şey də onları bürüyüb əhatə etdi.

27,28. Həqiqətən Biz, sizin qonşularınız olan məmləkətləri dəyişikliyə / məhvə məruz qoyduq. Ayələri, onlar [haqqa] qayıtsınlar deyə təkrar-təkrar izah etdik. Elə isə, Allahın altındakılardan guya Ona yaxınlığa vəsilə kimi qəbul etdikləri saxta tanrılar, onların əzabını dəf etməyə kömək etməli deyildimi? Əksinə, o saxta tanrılar onlardan ayrılıb qeyb oldular. Bu, onların yalanlarıdır / uydurmaqda olduqları şeydir.

(66/46, Əhqaf / 21-28)

Nəcm: 278

29. bir vaxt Biz, gizli xəfiyyələrdən Quranı dinləmək istəyən bir dəstəni sənin yanına göndərmişdik. Onlar Qurana [qulaq asmağa] hazır olduqları zaman, “Susun!” dedilər. Sonra Quranı dinləyincə, hər biri xəbərdarlıq etmək üçün öz qövmlərinin yanına qayıtdılar.

30-32. Onlar: “Ey qövmümüz! Şübhəsiz ki, biz Musadan sonra nazil edilmiş və yalnız içindəkiləri təsdiq edən, haqqa və düz yola bələdçi olan bir kitab dinlədik. Ey qövmümüz! Allahın dəvətçisinə cavab verin [onu qəbul edin] və ona iman gətirin ki, Allah günahlarınızı bağışlasın və sizi ağrılı-acılı bir əzabdan qurtarsın. Hər kim Allahın dəvətçisinə cavab verməzsə, bilsin ki, yer üzündə Allahı aciz qoya biləcək deyil. Onun üçün Allahın altındakılardan köməkçi, yol göstərən, himayəçi yaxın kəslər də yoxdur. Bax onlar, açıq-aşkar bir azğınlıq içindədirlər” dedilər.

(66/46, Əhqaf / 29-32)

Nəcm: 279

33. Onlar, şübhəsiz, göyləri və yer üzünü əmələ gətirən və onları əmələ gətirməklə yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi / düşünə bilmirlərmi? Bəli, şübhəsiz ki, O, hər şeyə qadirdir.

34. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] atəş üzərinə yayılacaqları gün: “Bu, gerçək deyilmiş, eləmi?” Onlar da: “Bəli; gerçəkmiş. Rəbbimizə and olsun!” dedilər. Allah: “O halda, bilə-bilə inkarda inad etdiyiniz / inanmadığınız üçün indi dadın əzabı!” dedi.

(66/46, Əhqaf / 33-34)

Nəcm: 280

35. Artıq, elçilərdən əzm sahiblərinin səbr etdiyi kimi, sən də səbr et! Onlar üçün tələsmə. Onlar, özlərinə vəd edilən şeyi gördükləri gün, dünyada sanki gündüzün bir saatı qədər qalmış kimi olacaqlar. Bu, bir təbliğdir. Artıq, haqq yoldan çıxanlar qövmdən başqası dəyişikliyə / məhvə məruz qoyularmı?

(66/46, Əhqaf / 35)

Dipnot:

[i] Bax: 8 nömrǝli qeyd.

[ii] Bax: 49 nömrǝli qeyd.

[iii] Bax: 77 nömrǝli qeyd.

2018-01-21T14:08:33+00:00