MƏHƏMMƏD SURƏSİ
MƏDİNƏ DÖVRÜ

MƏHƏMMƏD SURƏSİ

Nəcm: 580

1. İnkar edən və Allahın yolundan saxlayan kəslər [ki var]; Allah onların işlərini azdırdı / puç etdi.

2. Və iman edən, yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən və Rəbbi tərəfindən haqq olaraq Məhəmmədə nazil edilənə inanan kəslər [ki var]; Allah onların pisliklərini örtdü və vəziyyətlərini yaxşılaşdırdı.

3. Allahın belə etməsi, şübhəsiz, kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən / inanmayan] kəslərin batilə uymaqları, şübhəsiz, iman edən kəslərin də Rəbbindən gələn həqiqətə uymaqları səbəbiylədir. Allah insanlara, onların məsəlini bax belə çəkir.

(95/47, Məhəmməd / 1-3)

Nəcm: 581

4-6. Artıq, Allahın məbud və rəbb olduğuna inanmayan kəslərlə qarşılaşdığınız / döyüşdüyünüz zaman, dərhal boyunları vurmaq… / ölümünə döyüşün. Sonra onlara üstün gəldiyiniz zaman, dərhal bağı möhkəm bağlayın / möhkəm qərarlar qəbul edin. Sonra hərb; darmadağın etmək işi başa çatdıqda, onları ya məccani, ya da fidyə alaraq azad edin. Bax belə! Əgər Allah istəsəydi, əlbəttə, onları cəzalandırıb ədaləti təmin edərdi. Lakin belə olması, sizi biri-birinizlə imtahana çəkmək üçündür. Allah yolunda öldürülən / öldürən / döyüşən kəslərə gəldikdə; Allah onların əməllərini əsla puç etməz. Allah onları yönəldəcək, vəziyyətlərini yaxşılaşdıracaq və onları özlərinə tanıtdığı cənnətə daxil edəcəkdir.

(95/47, Məhəmməd / 4-6)

Nəcm: 582

7. Ey iman etmiş kəslər! Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər və qədəmlərinizi möhkəm edər.

8. İnkar edən kəslərə [gəldikdə] isə, artıq, onlar məhv olsun! Və Allah, onların işlərini azdırmışdır.

9. Şübhəsiz, bu ona görədir ki, onlar Allahın nazil etdiyini bəyənmədilər. Artıq, Allah da onların əməllərini puç etdi.

10. Yaxşı, bəs onlar yer üzündə səfər etmədilər mi? Beləcə, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu bir görsünlər. Allah onları yerlə yeksan etdi. Bu kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün də onların bənzərləri var.

13. Və qüvvət baxımından, səni çıxaran şəhərdən daha şiddətli [qüvvətli] neçə-neçə şəhərlər [var idi]; onları dəyişikliyə / məhvə məruz qoyduq. Belə ki, onlar üçün heç bir köməkçi də olmadı.

12. Şübhəsiz, Allah, iman gətirib saleh əməllər işləyən kəsləri altından çaylar axan cənnətlərə daxil edər. İnkar edən kəslər isə, bəhrələnərlər və ətindən, südündən istifadə olunan heyvanların yediyi kimi yeyərlər, od da onlar üçün bir məskəndir.

11. Möminlərin bəxtiyar olması, kafirlərin [isə] pərişan olması bu səbəbdəndir ki, şübhəsiz, Allah iman edən kəslərin köməkçi, yol göstərən, himayəçi yaxınıdır, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən / inanmayan kəslər] üçün isə heç bir köməkçi, yol göstərən, himayəçi yaxın yoxdur.[i]

(95/47, Məhəmməd / 7-10, 13, 12, 11)

Nəcm: 583

14,15. Rəbbi tərəfindən açıq-aşkar bir dəlil üstündə olan kəs, pis əməli özünə bər-bəzəkli göstərilən və boş, müvəqqəti dünya istəklərinə uyan bir kəs kimidirmi; Atəşdə əbədi qalacaq olan və qaynar su içirilip bağırsaqları parça-parça olan kəslər kimidirmi? Allahın mühafizəsi altına daxil olan kəslərə vəd edilən cənnətin misalı [belədir]: “Orada dəyişməyən [xarab olmayan] təmiz sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar var. Onlar üçün cənnətdə hər növ meyvə və Rəbbi tərəfindən bağışlanma var.

(95/47, Məhəmməd / 14-15)

Nəcm: 584

16. Onlardan sənə qulaq asanlar da var. Belə ki, onlar sənin yanından çıxıb getdikləri zaman, elm verilmiş kəslərə: “O, bayaq nə dedi?” deyirlər. Bax onlar, Allahın qəlblərinə möhür vurduğu və öz boş, müvəqqəti arzularına tabe olan kəslərdir.

17. Və yönəldildikləri doğru yola girmiş kəslərə [gəldikdə isə]; Allah onlar üçün doğru yollarını artırar və onlara Allahın mühafizəsi altına daxil olmağı bəxş edər.

18. Onlar, qiyamətin qopma anının qəflətən gəlib-çatmasından başqa bir şeymi gözləyirlər? Şübhəsiz, o qiyamətin əlamətləri gəlmişdir. Artıq, o gəlib-çatdıqda, onların öyüd almağı özlərinə nə fayda verəcək!

19. Elə isə, həqiqətən Allahdan başqa məbud deyə bir şeyin olmadığını bil! Öz günahın üçün, mömin kişilər və mömin qadınlar üçün bağışlanmaq dilə. Və Allah, sizin gəzib-dolandığınız yeri və dayanıb-durduğunuz yeri bilir.

(95/47, Məhəmməd / 16-19)

Nəcm: 585

20,21. İman edən kəslər: “Kaş ki, bir surə nazil olaydı!” deyərlər. Amma qanunlarla təchiz edilmiş bir surə nazil edildikdə və içində döyüşdən bəhs edildikdə, qəlblərində xəstəlik olanların; düşüncəsi, imanı xarab olanların, ölüm qorxusuyla huşunu itirən kəslərin baxmağı kimi sənə baxdığını görərsən. Artıq, itaət və adət-ənənəyə uyğun / hər kəs tərəfindən yaxşı olduğu qəbul edilən söz onlara daha yaxındır. Sonra iş qətiləşdikdə Allaha sədaqət göstərsəydilər, həqiqətən özləri üçün daha xeyirli olardı.

22. Bəs siz idarəçiliyi ələ keçirsəniz, yer üzündə fitnə-fəsad törətməyi və qohumluq tellərini qırıb parçalamağı ümid edirsinizmi?

23. Bax onlar, Allahın uzaqlaşdırdığı, sonra qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir.

24. Bəs onlar Quranı düşünmürlərmi? Yoxsa qəlblərinin üstündə qıfılmı var?

25. Şübhəsiz, doğru yol özlərinə açıq-aşkar məlum olduqdan sonra küfrə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyə] geri dönən kəslər [ki var], şeytan onlara [küfrü; günahı] xoş bir şey olaraq göstərmiş və onları uzun-uzadı arzulara salmışdır.

26. Bunun səbəbi, onların, Allahın nazil etdiyini bəyənməyən kəslərə: “Bəzi işlərdə biz, sizə itaət edəcəyik” demələridir. Halbuki Allah, onların gizlətdiklərini bilir.

27. Bəs [bu iş üçün tapşırıq alan] güclər onların üzlərinə və arxalarına vura-vura keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir onların yadına salarkən necə olacaq!

28. Bunun səbəbi, onların, Allahı qəzəbləndirən şeylərə uyması və Onun rizasını bəyənməmələridir. Allah onların əməllərini puç etmişdir.

29. Yoxsa qəlblərində xəstəlik olan; pis düşüncəli kəslər elə güman edirlər ki, Allah onların kin-küdurətlərini əsla zahirə çıxartmayacaq?

30. Əgər Biz istəsəydik, həqiqətən onları sənə göstərərdik də. Sonra da sən onları nişanlarından tanıyardın. Yenə də sən, onları sözlərinin üslubundan həqiqətən tanıyarsan. Allah isə işlərinizi bilir.

31. Və həqiqətən Biz, içinizdən səy göstərənləri və səbr edənləri bildirmək / nişanlayıb göstərmək üçün sizi əziyyətə salacaq / sınağa çəkəcəyik. Xəbərlərinizi də yoxlayacaq / sınağa çəkəcəyik.

32. Şübhəsiz ki, Allahın məbud və rəbb olduğuna inanmayan, Allahın yolundan döndərən və özlərinə doğru yol açıq-aşkar məlum olduqdan sonra Elçiyə qarşı çıxan kəslər [ki var]; onlar Allaha heç bir surətdə zərər verə bilməzlər. Və Allah, onların əməllərini puça çıxaracaqdır.

(95/47, Məhəmməd / 20-32)

Nəcm: 586

33. Ey iman etmiş kəslər! Allaha itaət edin, Elçiyə itaət edin və əməllərinizi puç etməyin.

34. Şübhəsiz ki, küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən / inanmayan], Allahın yolundan döndərən, sonra da küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] biri olaraq ölən kəslər [ki var], Allah onları əsla bağışlamayacaqdır.

35. Elə isə süstlük göstərməyin və siz üstün olduğunuz halda sülhə dəvət etməyin. Allah da sizinlədir. Və Allah, sizin əməllərinizi [əməllərinizin mükafatını] qətiyyən əskiltməyəcək.

36. Şübhəsiz, bu dünyadakı bəsit həyat, ancaq bir oyun-oyuncaq, əyləncədir. Əgər iman etsəniz və Allahın mühafizəsi altına daxil olsanız, Allah sizə mükafatlarınızı verər, sizdən mal-dövlətinizi də istəməz.

37. Əgər Allah, sizdən mal-dövlətinizi istəyib sizi buna məcbur etmək istəsəydi, xəsislik edərdiniz. Sizin kin-küdurətinizi [meydana] çıxarardı.

38. Siz, Allah yolunda xərcləməyə dəvət edilən kəslərsiniz. Belə olduğu halda, içinizdən bəziləri xəsislik edir. Və kim xəsislik etsə, öz mənliyindən [özünə qarşı] xəsislik edər. Və Allah zəngin, siz isə yoxsulsunuz. Əgər siz üz döndərsəniz, Allah sizin yerinizə başqa bir qövm gətirər. Sonra onlar, sizin kimi olmazlar [sizə oxşamazlar].

(95/47, Məhəmməd / 33-38)

Dipnot:

[i] Bax: 353 nömrǝli qeyd.

2018-01-21T19:00:28+00:00