MAİDƏ SURƏSİ
MƏDİNƏ DÖVRÜ

MAİDƏ SURƏSİ

Nəcm: 672

1. Ey iman etmiş kəslər! Əhdləri yerinə yetirin. Siz, toxunulmaz olduğunuzda [həcc vaxtı / ali ilahiyyat təhsilini davam etdirərkən] ovu halal görməmək şərti ilə, sizə oxunacaqlar istisna olmaqla, dördayaqlı, cütdırnaqlı, gövşəyən və ot yeyən heyvanların qüsuru olmayanları / gərdənliyi olmayanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər; dilədiyi qanunu qoyar.

2. Ey iman etmiş kəslər! Allahın işarələrinə, haram aya, hədyə / həcc edənlərə azuqə göndərməyə, hədiyyə etməyə, gərdənliklərinə [həcc edənlərin / ali ilahiyyat təhsili məqsədi ilə orada olanların yeməsi üçün göndərilən heyvanların gərdəninə taxılan nişana] və Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama daxil olmaq istəyənlərə / həcc vəzifəsini yerinə yetirmək istəyənlərə hörmətsizlik etməyin. Toxunulmazlığınız aradan qalxdıqda / həcc vəzifəniz başa çatdıqda da ov edin. Sizi Məscidülhəramdan geri qaytardıqları üçün bir camaata qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin. Və “yaxşı adam” olmaqda və Allahın mühafizəsi altına daxil olmaqda köməkləşin, günah və düşmənçilik etməkdə köməkləşməyin. Və Allahın mühafizəsi altına daxil olun. Heç şübhəsiz ki, Allahın əzabı / haqq-hesab çəkməsi çox şiddətlidir.

3. Sizə leş, qan, donuzun əti, Allahdan başqasının adı ilə kəsilən, boğulmuş, vurulmuş, hündür yerdən düşmüş, buynuzla vurulmuş, yırtıcı heyvanların parçaladığından canı çıxmamış kəsmədikləriniz, dikinə qoyulmuş daşların üstündə kəsilənlər və fal oxları ilə qismət axtarmaq haram edildi. Bunların hamısı doğru yoldan çıxmaqdır. Bu gün kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], sizin dininizdən ümidlərini kəsdilər. Elə isə onların qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərməyin. Mənim qarşımda hörmətlə, məhəbbətlə, elmlə ürpərin. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım. Sizə din olaraq da İslama razı oldum. Kim son dərəcə aclıq üzündən, günaha öz istəyi ilə meyl etməyərək, çətin vəziyyətdə qalsa, bilsin ki, həqiqətən Allah, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, dərin mərhəmət sahibidir.

(112/5, Maidə / 1-3)

Nəcm: 673

4. Səndən soruşurlar ki, onlara nə halal edilib. De ki: “Sizə yaxşı və təmiz şeylər və Allahın sizə öyrətdiyindən təlim keçərək əhliləşdirdiyiniz ovçu heyvanların ovları halal edildi.” Onların sizin üçün tutduqlarından yeyin və üstündə Allahın adını çəkin və Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah çox tez haqq-hesab çəkəndir.

5. Bu gün sizə yaxşı və təmiz şeylər halal edildi. Kitab əhlinin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. Möminlərdən azad qadınları və sizdən əvvəl Kitab verilənlərdən azad qadınları, mehrlərini[i] verdiyiniz halda, kəbin kəsərək himayə altına almaq –zina etməmək və gizli aşna saxlamamaq şərti ilə–sizə halal edildi. Kim imanı inkar edərək küfr işləsə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etsə] həqiqətən onun əməli boşa çıxar və o, axirətdə ziyana / zərərə uğrayıb acı çəkən kəslərdən olar.

(112/5, Maidə / 4,5)

Nəcm: 674

6. Ey iman etmiş kəslər! Səlat [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumları] üçün qalxdığınız / cəmiyyət içinə çıxdığınız zaman, dərhal üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun. Başınızı və iki topuğa qədər ayaqlarınızı əl ilə silin. Və əgər cünub halında / həddindən artıq şəhvət səbəbiylə ağılınız başınızda olmayacaq haldasınızsa üst-üstə təmizlənin [cinsi əlaqəyə girin, orgazm olun və yuyunun]. Və əgər xəstə olsanız, yaxud səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla təmasa giribsinizsə / cinsi əlaqəyə giribsinizsə, sonra da su tapmayıbsınızsa, dərhal təmiz bir torpaq axtarın. Sonra da təmiz torpaqdan əllə üzünüzü və əllərinizi silin. Allah sizi hər hansı bir çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə verilən nemətlərin əvəzini ödəməyiniz üçün sizə olan nemətini tamamlamaq istəyər.

7. Və Allahın sizə olan nemətini və: “Eşitdik, itaət etdik” dediyiniz zaman sizdən aldığı [vədi], Allahla bağladığınız “möhkəm əhdi” xatırlayın. Və Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah sinələrin daxilində olanları çox yaxşı bilir.

8. Ey iman etmiş kəslər! Allah üçün, haqq-ədaləti bərqərar edən şahidlər olun. Və bir camaata qarşı kininiz, sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun, ədalətli olmaq, Allahın mühafizəsi altına daxil olmağa daha yaxındır. Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah əməllərinizdən xəbərdardır.

9. Allah, iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə vəd etmişdir: Bağışlanma və böyük mükafat yalnız onları gözləyir.

10. İnkar edən və ayələrimizi təkzib edən kəslər isə; bax onlar, cəhənnəm əhlidir.

11. Ey iman etmiş kəslər! Allahın sizin üstünüzdəki nemətini xatırlayın. Bir zaman bir tayfa sizə əl qaldırmaq niyyətinə düşmüşdü, ancaq Allah onların əllərini sizin üstünüzdən çəkmişdi. Və Allahın mühafizəsi altına daxil olun. Möminlər də işin nəticəsini yalnız Allaha tapşırsınlar.

(112/5, Maidə / 6-11)

Nəcm: 675

12. Və and olsun ki, Allah İsrail oğullarından möhkəm əhd almışdı. Və Biz, onlardan on iki müfəttiş / başçı göndərmişdik. Və Allah demişdi ki: “Mən, həqiqətən sizinləyəm. Səlatı yerinə yetirsəniz [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını qurub yaşatsanız], zəkatı / verginizi versəniz, elçilərimə iman etsəniz, onlara kömək etsəniz və Allaha gözəl borc versəniz, and olsun ki, sizin pisliklərinizi örtəcəyəm və sizi altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Sizdən hər kim ki, bundan sonra küfr işləsə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etsə], həqiqətən yolun doğrusunu itirmiş olar.”

13. Sonra da əhdlərini pozduqları üçün onları uzaqlaşdırdıq və qəlblərini qatılaşdırdıq. Onlar sözün / kəlmənin yerini / həqiqi mənasını dəyişdirirlər. Özlərinə verilən öyüd-nəsihətin çox hissəsini də yadlarından çıxarırlar. Aralarından az bir qismi istisna olmaqla, sən onlardan həmişə xəyanət görərsən. Yenə də sən onları bağışla və onlara etina etmə. Şübhəsiz ki, Allah gözəl-yaxşı əməl işləyənləri sevər.

14. “Biz, nəsraniyik / xristianıq” deyənlərdən də möhkəm əhd almışdıq. Onlar da özlərinə xatırladılan şeylərin çoxunu yaddan çıxardılar. Biz də onların arasına, qiyamətə qədər davam edəcək kin və düşmənçilik saldıq. Allah, gördükləri işləri onlara tezliklə xəbər verəcəkdir.

(112/5, Maidə / 12-14)

Nəcm: 676

15,16. Ey Kitab əhli! Həqiqətən, Kitabdan gizlətdiyiniz şeylərin çoxunu meydana çıxaran, çoxundan da imtina edən Bizim elçimiz sizə gəldi. Həqiqətən sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah, o Kitabla Özünün razılığına tabe olanları salamatlıq yollarına yönəldər. Öz elmi ilə onları qaranlıqdan nura çıxarar və düz yola yönəldər.

17. And olsun ki, “Şübhəsiz, Allah Məryəm oğlu Məsihin elə özüdür” deyən kəslər kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] oldular. De ki: “Yaxşı, Allah Məryəm oğlu Məsihi, anasını və bütün yer üzündəki hər kəsi dəyişikliyə / məhvə məruz qoymaq istəsə, Ona qarşı kim bir şey edə bilər? Göylərin, yerin və ikisinin arasındakilərin mülkiyyəti də yalnız Allaha məxsusdur. O, istədiyini əmələ gətirər. Və Allah, hər şeyə ən yaxşı şeyə qadir olandır.”

18. Və yəhudilər, xristianlar, “Biz, Allahın oğullarıyıq və Onun sevimliləriyik” dedilər. De ki: “Madam ki, elədir, nə üçün günahlarınıza görə Allah sizə əzab verir?” Əksinə, siz, Onun əmələ gətirdikləri [arasından] bir bəşərsiniz. O, istədiyi adamı bağışlayar, istədiyinə də əzab verər. Göylərin, yerin və ikisinin arasında olan hər şeyin mülkiyyəti, ixtiyarı da Allahındır. Dönüş də yalnız Ona tərəfdır.

19. Ey Kitab əhli! Elçilərin ardı-arası kəsildiyi bir vaxtda, “Bizə müjdə verən və xəbərdarlıq edən bir kəs gəlmədi” deməyəsiniz deyə, sizə bəyan edən / açıq-aşkar meydana qoyan Elçimiz gəldi. Artıq həqiqətən müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər sizə gəlmişdir. Allah, hər şeyə ən çox gücü çatandır.

20,21. Və bir vaxt Musa öz qövmünə: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O zaman Allah sizin aranızdan peyğəmbərlər göndərdi. Sizi də hökmdarlar etdi. Və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizin üçün yazdığı pak torpağa daxil olun, geri dönməyin, yoxsa ziyana uğrayanlardan olaraq dönəcəksiniz” dedi.

22. Onlar: “Ey Musa! Şübhəsiz ki, orada zorakılıq edən bir qövm var. Onlar oradan çıxmayınca, biz qətiyyən ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, şübhəsiz, biz də girərik” dedilər.

23. Qorxanlardan olan və Allahın nemət verdiyi iki kişi dedi: “Onların üstlərinə qapıdan girin. Oradan girsəniz, şübhəsiz ki, siz qalib olarsınız. Əgər inanırsınızsa, işin nəticəsini artıq yalnız Allaha həvalə edin.”

24. Musanın qövmü: “Ey Musa! Nə qədər ki, onlar oradadır, biz həqiqətən ora girməyəcəyik. Sən və Rəbbin gedin [onlarla] vuruşun. Həqiqətən, biz burada oturacağıq” dedi.

25. Musa: “Ey Rəbbim! Mənim sözüm özümlə qardaşımdan başqasına keçmir. Artıq bizimlə bu haqq yoldan çıxmışlar camaatını ayır” dedi.

26. Allah dedi ki: “Pak torpaqlar artıq onlara qırx il haram edildi. Yer üzündə sərgərdan gəzəcəklər. Odur ki, sən, haqq yoldan çıxmış o camaat üçün qəm çəkmə!”

(112/5, Maidə / 15-26)

Nəcm: 677

27-29. Onlara iki Adəm oğlunun əhvalatını da layiqincə oxu. O vaxt hərəsi bir qurban təqdim etmişdilər, lakin birinin [qurbanı] qəbul edilmiş, digərinin [qurbanı] isə qəbul edilməmişdi. O: “Səni mütləq öldürəcəyəm” dedi. Digəri: “Allah, yalnız Özünün mühafizəsi altına daxil olan şəxslərin [qurbanını] qəbul edər. Sən, məni öldürmək üçün əlini mənə uzatsan da, mən əlimi, səni öldürmək üçün uzadan deyiləm [mən əlimi, səni zərərsizləşdirmək üçün uzadaram]. Şübhəsiz ki, mən aləmlərin Rəbbi Allahdan qorxuram. Şübhəsiz ki, mən istəyirəm ki, sən məni öldürməyin günahını və özünün [digər] günahlarını da alıb Atəş əhlindən olasan! Şirk qoşaraq, küfr işləyərək səhv [öz zərərinə olan əməli işləyənlərin] cəzası budur!” dedi.

30. Belə olduqda, qurbanı qəbul edilməyənin nəfsi, qardaşını öldürməyi ona asan göstərdi, sonra da onu öldürdü. Özü də ziyana uğrayanlardan oldu.

31. Sonra Allah, dərhal ona qardaşının cəsədini necə basdırmalı olduğunu göstərmək üçün torpağı eşən bir qarğa göndərdi. O, “Vay mənim halıma, mən, bu qarğa kimi olmaqla aciz oldummu ki, qardaşımın cəsədini basdırıram.” dedi. Sonra da peşman olanlardan oldu.

32. Bunların [bu hadisələrin] cərəyan etməsi səbəbindən Biz İsrail oğullarına belə vacib etdik: “Şübhəsiz ki, hər kim bir şəxsin [bir şəxsi öldürməyin] və ya yer üzündə fitnə-fəsadın [fitnə-fəsad törətməyin] əvəzi olmadan bir kəsi öldürsə [bir şəxsi öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş birini öldürsə], bütün insanları öldürmüş kimi olar. Kim də bir şəxsin yaşamasına səbəb olsa, bütün insanları yaşatmış kimi olar.” Və həqiqətən onlara elçilərimiz açıq-aşkar dəlillərlə gəldilər. Sonra da, şübhəsiz onların bir çoxu, həqiqətən yer üzündə həddini aşan kəslərdir.

(112/5, Maidə / 27-32)

Nəcm: 678

33,34. Allaha və Elçisinə qarşı döyüşən; pozmağa təşəbbüs edən və yer üzündə fitnə-fəsad törətməyə çalışanların –siz onların üzərində güclə hakim olmamışdan / onları ələ keçirib zərərsizləşdirməmişdən əvvəl səhvlərindən dönənlər istisna olmaqla– əvəzi [cəzası] ancaq öldürülmək və ya şəhər həyatından uzaqlaşdırılıb kənd təsərrüfatı işlərində işlədilmək, daş karxanalarında işlədilmək, yaxud müqavilələrinin; öhdəliklərinin ləğv edilməsi, yaxud da olduqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə də onlar üçün böyük bir əzab vardır. Artıq yaxşı bilin ki, Allah çox bağışlayan və çox rəhm edəndir.

(112/5, Maidə / 33-34)

Nəcm: 679

35. Ey iman etmiş kəslər! Xilas olmaq, zəfər qazanmaq üçün Allahın mühafizəsi altına daxil olun, Ona yaxınlaşdıracaq / qovuşduracaq şeyləri axtarın və Onun yolunda səy göstərin.

36. Şübhəsiz, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], bütün yer üzündə olan hər şey və üstəlik bir o qədəri də özlərinin olsa və [bunun hamısını] qiyamət gününün əzabından xilas olmaq üçün fidyə versələr, onların [bu fidyəsi] qəbul olunmaz. Və onlar üçün ağrılı-acılı bir əzab var.

37. Onlar, Atəşdən çıxmaq istəyirlər. Amma oradan çıxan deyildirlər. Və onlar üçün həmişəlik bir əzab var.

(112/5, Maidə / 35-37)

Nəcm: 680

38. Oğru kişi və oğru qadın; onların etdiklərinin əvəzində, Allah [tərəfindən] bir maneə olaraq dərhal hər ikisinin gücünü / güclərini kəsin. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

39. Kim etdiyi haqsızlıqdan sonra tövbə etsə və düzəltsə, bilsin ki, şübhəsiz ki, Allah, onun tövbəsini qəbul edər. Şübhəsiz ki, Allah, çox bağışlayandır, çox rəhm edəndir.

40. Göylərin və yerin səltənətinin, idarəçiliyinin Allaha məxsus olduğunu bilmirsənmi? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Və Allah, hər şeyə ən yaxşı qadir olandır.

(112/5, Maidə / 38-40)

Nəcm: 681

41. Ey Elçi! Qəlbləri iman etmədiyi halda ağızları ilə “İnandıq” deyənlər və yəhudiləşənlərin hər zaman yalana qulaq asanları ilə sənin yanına gəlməyən kəslər üçün dinləyənləri / casusluq edənləri, küfr [Allahın məbud və rəbb olduğunu bilərək rədd etmək] içində qaçışan kəslər səni kədərləndirməsin. Onlar, sözü öz yerindən oynadıb dəyişdirirlər. “Əgər sizə bu verilsə dərhal alın, o verilməsə çəkinin!” deyirlər. Allah, bir kimsəni dindən çıxmaq atəşinə salmaq istəsə, sən Allaha qarşı, onun [o kimsənin] lehinə heç bir şey edə bilməzsən. Onlar, Allahın, qəlblərini təmizləmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada rüsvayçılıq var və axirətdə onlara çox böyük bir əzab var.

42. Yalana çox qulaq asanlar, haramı çox yeyənlər; onlar, əgər sənin yanına gəlsələr, aralarında hökm et və ya onlardan uzaq dur. Və əgər onlardan uzaq dursan, artıq heç bir zaman sənə zərər vura bilməzlər. Və əgər hökm etsən, o zaman aralarında ədalətlə hökm et. Şübhəsiz ki, Allah ədalətli iş görənləri sevər.

43. İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola, səni necə hakim [təyin] edirlər, ondan sonra da geri addım atırlar? Onlar, inanan kəslər deyildirlər.

44. İçərisində doğru yolu göstərən [hidayət] və işıq olan Tövratı, şübhəsiz Biz nazil etdik. Müsəlmanlaşan şəxslər olan peyğəmbərlər onunla yəhudilərə hökm edirlər, özlərini Allaha həsr etmiş kəslər və xaxamlar da, Allahın kitabından, qorumaları özlərindən tələb olunan və özlərinin də şahidlik etdikləri şeylərlə hökm edirlər. İnsanların qarşısında ehtiramla ürpərməyin, Mənim qarşımda ehtiramla ürpərin. Mənim ayələrimi də ucuz qiymətə satmayın. Və kim, Allahın nazil etdiyi ilə hökm etməzsə, bax məhz onlar kafirlərdir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərdir].

45. Və Biz, Tövratda onlara, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas var. Bununla birlikdə, kim qisas haqqını bağışlasa, bu özü üçün kəffarə olar. Və kim Allahın nazil etdiyi ilə hökm etməzsə, məhz onlar səhv; öz zərərinə olan əməli işləyənlərdir.

46. Və Biz o peyğəmbərlərin izlərinin üstünə [onların ardınca], yanlarındakı Tövratın içində olanları təsdiqləyən Məryəm oğlu İsanı gətirdik. Və ona, Tövratın içindəkiləri təsdiqləmək, Allahın mühafizəsi altına daxil olan kəslərə yol göstərmək və öyüd-nəsihət olmaq üçün, içində yol göstərən [hidayət] olan İncili verdik.

47. İncil əhli də Allahın onun [İncilin] içərisində nazil etdiyi şeylərlə hökm etsin. Kim, Allahın nazil etdiyi ilə hökm etməzsə, məhz onlar haqq yoldan çıxanlardır.

48. Sənə də Tövratın bir hissəsinin içərisindəkiləri təsdiqləyən və onları qoruyan olaraq Kitabı / Quranı haqq ilə nazil etdik. Elə isə, onların arasında Allahın nazil etdiyi ilə hökm et. Sənə gələn haqdan uzaqlaşaraq onların arzu və istəklərinə uyma. Və Biz, sizin hamınız üçün bir yol / cəmiyyət halında yaşamağın prinsiplərini və geniş, işıqlı bir yol təyin etdik. Və əgər Allah istəsəydi, sizi başçısı olan vahid bir cəmiyyət edərdi, lakin sizə verdikləri ilə sizi çətinliyə salmaq / sınamaq məqsədi ilə belə etmədi. Elə isə yaxşılıq etməkdə [bir-birinizlə] yarışın. Hamınızın dönüşü yalnız Allahadır. Sonra O, barəsində ixtilafa düşdüyünüz şeyləri sizə xəbər verəcəkdir.

49. Sən, yenə aralarında Allahın sənə nazil etdiyi ilə hökm et, onların arzu-istəklərinə tabe olma. Səni; Allahın sənə nazil etdiyinin bir qismindən; mübarizəndən yayındıraraq atəşə atmalarından çəkin. Üz döndərsələr, bil ki, həqiqətən Allah bir qisim günahları səbəbiylə / günahlarının ağrı-acısıyla onları müsibətə düçar etmək istəyir. Və şübhəsiz ki, insanların çoxu həqiqətən haqq yoldan çıxan kəslərdir.

50. Yoxsa cahiliyyət [dövrünün] hökmünümü istəyirlər? Həqiqətən bilən bir cəmiyyət üçün, hökm [vermək] baxımından Allahdan daha gözəl kim ola bilər?

(112/5, Maidə / 41-50)

Nəcm: 682

51. Ey iman etmiş kəslər! Yəhudiləri və nəsraniləri / xristianları [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Onlar bir-birlərinin himayəçi, yol göstərən yaxınlarıdır. Sizdən kim onları himayəçi, nəzarətçi, idarəçi tutsa, artıq şübhəsiz ki, o da onlardandır. Şübhəsiz ki, Allah şirk qoşaraq, küfr işləyərək səhv; öz zərərinə olan əməli işləyənlər tayfasına yol göstərməz.

(112/5, Maidə / 51)

Nəcm: 683

52. Bundan sonra qəlblərində xəstəlik olan; zehniyyəti çürük olan kəslərin: “Bizə bir fəlakətin üz verəcəyindən qorxuruq” deyərək, onların içində vurnuxduqlarını görəcəksən. Amma ümid edilir ki [ola bilsin ki], Allah bir fəth [zəfər] gətirsin və ya Öz tərəfindən bir iş ortaya çıxarsın ki, onlar da öz daxillərində gizlətdikləri şeylərdən peşman olsunlar.

53. Və iman etmiş kəslər deyəcəklər: “Həqiqətən sizinlə birlikdə olduqlarına dair, Allaha bütün gücləriylə and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı və onlar ziyana uğrayanlar oldular.

(112/5, Maidə / 52-53)

Nəcm: 684

54. Ey iman etmiş kəslər! Sizdən kim dinindən dönsə, bilsin ki, Allah tezliklə möminlərə qarşı mülayim, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı isə qürurlu və sərt bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər; onlar, Allah yolunda səy göstərərlər və heç bir tənəçinin tənəsindən qorxmazlar. Bu, Allahın istədiyinə verdiyi bir lütfdür. Allah, elmi və mərhəməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir.

55. Sizin köməkçi, yol göstərən, himayəçi yaxınınız ancaq Allahdır, Onun Elçisidir, bir də Allahın bir olduğunu təsdiq edərək səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını quran, yaşadan], zəkatı / vergini verən iman etmiş kəslərdir.

56. Allahı, Onun Elçisini və iman gətirənləri özünə köməkçi, yol göstərən, himayəçi yaxın olaraq qəbul edənlər bilsinlər ki, həqiqətən məhz Allahın tərəfdarları qalib olanlardır.

(112/5, Maidə / 54-56)

Nəcm: 685

57. Ey iman etmiş kəslər! Sizdən əvvəl kitab verilmiş kəslərdən və kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdən] dininizi lağa qoyan və oyun-oyuncaq sayanları [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Əgər möminsinizsə, Allahın mühafizəsi altına daxil olun.

58. Və siz, onları səlata [maddi və zehni baxımdan dəstək olmağa; cəmiyyəti maarifləndirməyə] çağırdığınız zaman, onlar onu məsxərə və oyun-oyuncaq qəbul edirlər. Bu, onların, ağıllarını işlətməyən bir tayfa olmasındandır.

59. De ki: “Ey Kitab əhli! Bizim, ancaq Allaha, bizə nazil edilənə və daha əvvəl nazil edilənə inanmağımız və həqiqətən sizin əksəriyyətinizin haqq yoldan çıxmış kəslər olmağınız səbəbindən bizdən xoşunuz gəlmir?”

60. De ki: “Allahın yanında cəzalandırılmaq baxımından bunlardan daha pisini sizə xəbər verimmi? Allah kimləri uzaqlaşdırmış və qəzəbinə tuş etmişsə; kimləri meymunlara, donuzlara və tağuta tapınanlar etmişsə, bax onların yerləri pisdir və [onlar] doğru yoldan daha çox azmışdır.”

61. Onlar, sizin yanınıza gəldikləri zaman: “İman etdik” dedilər. Halbuki küfr [Allahın məbud və rəbb olduğunu bilərək redd etmə] ilə daxil oldular və onlar həqiqətən küfrlə çıxdılar. Və Allah, onların gizlədiklərini ən yaxşı biləndir.

62. Onlardan çoxunun, günah işləməkdə, düşmənçilik etməkdə və haram yeməkdə [bir-birləri ilə] yarışdıqlarını görərsən. Etdikləri bu işlər necə də pisdir!

63. Özlərini Allaha həsr etmiş şəxslər və din alimləri,  onları günah söyləməkdən və haram yeməkdən çəkindirməli deyildilərmi? Törətdikləri əməllər necə də pisdir!

64. Və Yəhudilər, “Allah xəsisdir [Allahın əli bağlıdır]” dedilər. –Dedikləri şeylər səbəbindən öz əlləri bağlandı və onlar uzaqlaşdırıldılar.– Əksinə, Allahın iki əli açıqdır; dilədiyi kimi xərcləyər. Və and olsun ki, Rəbbindən sənə nazil edilən [şey] onların çoxunun azğınlığını və küfrünü [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etmələrini] artırar. Və Biz, o yəhudilərin arasına qiyamətə qədər ədavət və kin saldıq. Nə zaman savaş / pozmaq məqsədi ilə bir alov yandırsalar, Allah onu söndürür. Və onlar, yer üzündə fitnə-fəsad törətməyə tələsərlər. Halbuki Allah fitnə-fəsad törədənləri sevməz.

65. Və əgər Kitab əhli iman etsə və Allahın mühafizəsi altına daxil olsaydı, həqiqətən onların pisliklərini örtər və həqiqətən [onları] bol nemətli cənnətlərə daxil edərik.

66. Və heç şübhəsiz, əgər onlar Tövratı, İncili və özlərinə Rəbbindən nazil edilən Quranı yaşatsaydılar, həqiqətən üstlərindən və ayaqlarının altından [hər bir tərəfdən] ruzilənəcəkdilər. Onlardan bir qismi orta yol tutan; bəzisinə inanıb bəzisinə inanmayan, inanmadığı halda özünü inanmış kimi göstərən bir tayfadır [başçısı olan bir camaatdır]. Və onlardan çoxunun işlədikləri əməllər necə də pisdir!

(112/5, Maidə / 57-66)

Nəcm: 686

67. Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et. Və əgər bunu etməsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaq. Şübhəsiz ki, Allah kafirlər [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] tayfasına yol göstərməz.

68. De ki: “Ey Kitab əhli! Tövratı, İncili və Rəbbinizdən sizə nazil edilən qayda-qanunları həyata keçirmədikcə, heç bir şeyin üstündə [doğru yolun üstündə, doğru dində] deyilsiniz.” Şübhəsiz ki, Rəbbindən sənə nazil edilən [şeylər] onların çoxunda azğınlığı və küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyi] artırır. Elə isə kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] tayfası üçün kədərlənmə!

(112/5, Maidə / 67-68)

Nəcm: 687

69. Şübhəsiz ki, iman etmiş kəslər, yəhudiləşmiş kəslər, sabiilər / Yəhya peyğəmbərin dinindən olanlar və nəsranilər; kim Allaha və axirət gününə iman edər və saleh əməl işlərsə, artıq onlar üçün bir qorxu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər.

(112/5, Maidə / 69)

Nəcm: 688

70,71. And olsun ki, Biz, İsrail oğullarının əhdini aldıq və onlara elçilər göndərdik; nə zaman ki, elçi onlara, nəfslərinin xoşlamadığı bir şeyi gətirdi, bir qismini təkzib etdilər, bir qismini də öldürürlər.

Və onlar, bir ictimai bəla olmayacağını güman etdilər, [buna görə] kor və kar oldular. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan çoxu kor və kar oldu. Və Allah, onların əməllərini ən yaxşı görəndir.

(112/5, Maidə / 70-71)

Nəcm: 689

72. And olsun ki, “Allah, Məryəm oğlu Məsih özüdür” deyən kəslər şübhəsiz kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] olmuşdur. Halbuki Məsih demişdi: “Ey İsrail oğulları! Mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha bəndəlik edin. Şübhəsiz ki, Allaha kim şərik qoşsa, həqiqətən Allah ona cənnəti haram edər, onun məskəni da Atəşdir. Və şirk qoşaraq, küfr edərək səhv; öz zərərinə olan əməli işləyənlər üçün heç bir köməkçi yoxdur.”

73. And olsun ki, “Allah üçün üçüncüsüdür” deyən kəslər həqiqətən kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəs] olmuşdur. Halbuki tək məbuddan başqa məbud yoxdur. Əgər söylədiklərindən əl çəkməsələr, şübhəsiz ki, onlardan kafir olanlara [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] ağrılı-acılı bir əzab üz verəcəkdir.

74. Hələ də onlar səhvlərdən Allaha dönmür və Ondan əfv istəmirlərmi? Allah çox bağışlayandır, çox rəhm edəndir.

75. Məryəmin oğlu Məsih, yalnız bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Anası da çox doğruçu bir qadındır. Hər ikisi də yemək yeyirdi. Bax gör, onlara ayələri necə izah edirik. Sonra yenə bax gör, onlar necə döndərilirlər!

76. De ki: “Allahın altındakılardan sizə zərər yetirməyə və fayda verməyə gücü çatmayan şeylərəmi ibadət edirsiniz? Halbuki Allah, çox yaxşı eşidəndir, çox yaxşı biləndir.”

77. De ki: “Ey Kitab əhli! Dininizdə haqqın xaricində ifrata varmayın. Daha əvvəl azmış, bir çoxlarını azdırmış və haqq yolun ortasından çıxmış bir tayfanın istəklərinə də uymayın.”

78. İsrail oğullarından kafir olanlar [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], Davudun dili ilə və Məryəm oğlu İsanın dili ilə lənətlənmişdir [uzaqlaşdırılmışdır]. Bu, onların üsyan etmələri və həddi aşmaları səbəbiylədir.

79. Onlar, etdikləri pisliklərdə bir-birlərinə mane olmurdular. Həqiqətən, işlədikləri əməllər necə də pis idi!

80. Onlardan bir çoxunun; kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] [özlərinə] müdafiəçi, himayəçi, idarəçi qəbul etdiklərini görərsən. Nəfslərinin onların qarşısına çıxardığı şey; Allahın onlara qəzəb etməsi necə də pisdir! Onlar, əzab içində də həmişəlik qalacaqlar.

81. Və əgər onlar Allaha, Peyğəmbərə və ona nazil edilənə inansaydılar, onları [özlərinə] himayəçi, yol göstərən yaxınlar qəbul etməzdilər. Lakin onlardan bir çoxu yoldan çıxmış kəslərdir.

82. Sən, şübhəsiz, yəhudiləri və şərik qoşan kəsləri, iman edənlərə qarşı düşmənçilikdə ən şiddətli kəslər olaraq görərsən. Və şübhəsiz, “Həqiqətən biz nəsraniyik / xristiyanıq” deyən kəsləri, iman edənlərə məhəbbət [göstərməkdə] ən yaxın kəslər olaraq görərsən. Bu, onların içərisində keşişlərin və rahiblərin olması və onların özlərini yuxarı tutmamaları səbəbindəndir.

83,84. Və onlar, Elçiyə nazil edilən Quran dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə gözlərinin yaşla dolduğunu görərsən. Onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerdə yaz!” Və “Biz, Rəbbimizin bizi salehlər tayfası ilə birgə daxil etməsini umduğumuz halda, Allaha və haqdan bizə gələn şeylərə nə üçün inanmayaq!” deyərlər.

85,86. Allah da, onların belə demələri səbəbiylə, onları, içində həmişəlik qalacaqları, altından çaylar axan cənnətlərlə mükafatlandırmışdır. Və bu, gözəl-yaxşı əməl işləyənlərin əvəzidir. İnkar edən və ayələrimizi yalan hesab edən kəslər [ki var]; bax onlar, cəhənnəm əhlidir.

(112/5, Maidə / 72-86)

Nəcm: 690

87. Ey iman edən kəslər! Allahın sizə halal buyurduğu təmiz-ləzzətli-gözəl şeyləri haram saymayın. Və həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevmir.

88. Və Allahın sizə verdiyi ruzidən halal və təmiz olaraq yeyin və siz, inandığınız Allahın mühafizəsi altına daxil olun.

89. Allah, sizi  qəsdən olmayan / vərdiş etdiyiniz andlara görə sorğu-suala çəkməz. Lakin bilə-bilə etdiyiniz / əhd bağladığınız andlara görə sorğu-suala çəkər; onun kəffarəsi ailənizə yedirdiyiniz şeylərin ən xeyirlisi / ən yaxşısı ilə on yoxsulu yedirmək və ya giydirmektir. Və yaxud da bir köləni azad etməkdir. Verəcək bir şey tapa bilməyən kimsə üçün də üç gün oruc tutmaqdır. Bu, pozduğunuz andların kəffarəsidir. Və andlarınızı qoruyun. Allah, əvəzini ödəyərsiniz deyə ayələrini sizin üçün belə izah edir.

90. Ey iman etmiş kəslər! Xəmr [içki / hər hansı bir yolla ağlı örtmək], qumar; asan qazanc əldə etmək məqsədi ilə hər cür bəxt oyunu, sitayiş edilən əşyaları, kəsləri təmsil edən işarələr; simvollar və fal oxları; bütün kəhanət vasitələri və vəsaitləri ancaq şeytan əməli [olub] zərər verən şeylərdir. Elə isə [öz] vəziyyətinizi qorumağınız, xilas olmağınız üçün bu şeytan əməlindən çəkinin.

91. Həqiqətən şeytan, xəmr və qumarda sizin aranıza ədavət və kin salmaq və sizi, Allahı xatırlamaqdan, [Allahın] öyüdündən və səlatdan [maddi və zehni baxımdan dəstək olmaqdan; cəmiyyəti maarifləndirməkdən] uzaqlaşdırmaq istəyər. Elə isə son qoyan kəslər / əl çəkən kəslər olacaqsınızmı?

92. Və Allaha itaət edin, Elçiyə itaət edin və çəkinib tədbirli olun. Əgər üz çevirsəniz, bilin ki, Elçimizin vəzifəsi yalnız açıq-aşkar təbliğdir.

93. İnanan və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə, Allahın mühafizəsi altına daxil olduqları, inandıqları, yaxşılaşdırmaq qayəsi ilə əməl işlədikləri, sonra Allahın mühafizəsi altına daxil olduqları, inandıqları və sonra Allahın mühafizəsi altına daxil olduqları və gözəl-yaxşı əməl işlədikləri zaman, daddıqları şeylərdən ötrü bir məsuliyyət yoxdur. Və Allah, gözəl-yaxşı əməl işləyənləri sevər.

94. Ey iman etmiş kəslər! Həqiqətən Allah, kimsəsiz yerlərdə Özündən qorxanları [ayırd edib] bildirmək üçün sizi bir şeylə; əllərinizin və nizələrinizin çata biləcəyi bir ovla sınayar. Elə isə, kim bundan sonra həddi aşsa, onunu üçün ağrılı-acılı bir əzab var.

95. Ey iman etmiş kəslər! Siz, toxunulmaz olduğunuzda / həcc vəzifəsini yerinə yetirərkən ov heyvanı öldürməyin. İçərinizdən kim qəsdən onu öldürərsə, işlədiyi əməlin günahını dadması üçün onun cəzası, öldürdüyü heyvana bənzər, Kəbəyə çatacaq bir hədy / yemək üçün hədiyyə edilən heyvan olacaq. –Buna içərinizdən iki ədalətli şəxs hökm versin.– Yaxud kəffarə olaraq yoxsulları yedirmək, yaxud ona bərabər oruc tutmaq olacaq. Allah keçmişdə olanları bağışlamışdır. Lakin kim də təkrarlasa, Allah tutub cəzalandıraraq ədaləti təmin edər. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, günahkarı tutub cəzalandıraraq ədaləti təmin etmək prinsipinə sahibdir.

96. Su ovu və onun yeyilməsi, sizə və səfərdə olanlara fayda vermək üçün sizə halal edildi. Quru ovu isə, siz həcc vəzifəsini yerinə yetirdiyiniz müddətdə sizə haram edilmişdir. Və hüzuruna toplanacağınız Allahın mühafizəsi altına daxil olun.

97. Allah, Kəbəni; o Beytülhəramı, haram ayı, həcc edənlərə yemək üçün heyvan hədiyyə etməyi və gərdənlikləri / həcc edənlərin yeməsi üçün göndərilən heyvanlara vurulan nişanları insanların ayağa qalxması; silkinməsi, özlərini xilas etməsi üçün [bir vasitə] etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini və Allahın hər şeyi layiqincə bilən olduğunu siz də biləsiniz.

98. Şübhəsiz, Allahın cəzasının çox şiddətli olduğunu və şübhəsiz, Allahın çox bağışlayan, çox mərhəmətli olduğunu bilin.

99. Elçiyə düşən yalnız təbliğdir. Və Allah, aşkar etdiyiniz şeyləri və gizlədiyiniz şeyləri bilir.

100. De ki: “Hər nə qədər murdarlığın [pisin, pisliyin, pis şeylərin] çoxluğu xoşunuza gəlsə də, murdar şeylə təmiz şey bir olmaz.” Elə isə, ey anlayış qabiliyyəti olanlar! Xilas olmaq üçün Allahın mühafizəsi altına daxil olun.

101. Ey iman etmiş kəslər! Aşkar olduqda xoşunuza gəlməyəcək şeylər barədə soruşmayın / istəməyin. Əgər onlar [barədə] Quran nazil edildikdə soruşsanız / istəsəniz, sizə aşkar edilər. Allah onlardan keçmişdir, onları bağışlamışdır. Və Allah, çox bağışlayan və çox həlimdir.

102. Şübhəsiz, sizdən əvvəl gələn bir tayfa bunları soruşmuşdu / istəmişdi, sonra da onlar Allahın məbud və rəbb olduğunu qəbul etməyən kəslər oldular.

(112/5, Maidə / 87-102)

Nəcm: 691

103. Allah; bəhirə, saibə, vəsilə və ham[ii] [adlı] heç bir şey nəzərdə tutmamışdır [buyurmamışdır]. Ancaq kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], Allaha qarşı yalan düzüb-qoşub uydururlar. Və onların bir çoxu dərk etməz.

104. Və onlara: “Allahın nazil etdiyinə və Elçiyə tərəf gəlin!” deyildiyi zaman: “Atalarımızı nəyin [hansı yolun] üstündə görmüşüksə, o, bizə yetər” dedilər. Ataları bir şey bilməyən və yönləndirildikləri doğru yolu tapmayan kəslər olsa belə?

(112/5, Maidə / 103-104)

Nəcm: 692

105. Ey iman edən kəslər! Hər kəs özünə görə məsuliyyət daşıyır. Siz, yönləndirildiyiniz doğru yola girdiyiniz zaman, [yolunu] azan kəslər sizə zərər verə bilməzlər. Hamınızın dönüşü Allahadır. Sonra da O, işlədiyiniz əməlləri sizə xəbər verəcək.

(112/5, Maidə / 105)

Nəcm: 693

106. Ey iman etmiş kəslər! İçərinizdən birinin ölümü gəlib çatdıqda, vəsiyyət vaxtı aranızda şahidlik [etməli olanlar], öz içərinizdən iki ədalətli adamdır. Yaxud yer üzündə səfərə çıxmışsınızsa, sonra da ölümün müsibəti sizə gəlib çatmışsa, özünüzdən olmayan iki adamdır. Əgər şübhəyə düşsəniz, səlatdan [maddi və zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək işindən] sonra onları gözlədin [saxlayın]. Sonra da onları, “Qohum belə olsa, andımızı bir mənfəət üçün satmayacağıq, Allahın şahidliyini gizlətməyəcətik. Əks təqdirdə, günahkarlardan olarıq” deyə Allaha and içdirin.

107. Sonra da əgər o iki şahidin bir günah işlədikləri məlum olsa, ölən şəxsə daha yaxın olan haqq sahiblərindən digər iki adam onların yerinə keçər və: “Bizim şahidliyimiz, əvvəlki iki adamın şahidliyindən daha doğrudur və biz heç kimin haqqına təcavüz etmədik. Əks təqdirdə, biz səhv; öz zərərlərinə olan əməli işləyən [kəslərdən] olardıq” deyə Allaha and içər.

108. Belə bir and, şahidliklərini qaydasına görə yerinə yetirmələri, yaxud and içdikdən sonradan andlarının qəbul edilməməsindən qorxmaları üçün ən yaxın / ən yaxşı yoldur. Allahın mühafizəsi altına daxil olun və qulaq asın. Və Allah, haqq yoldan çıxanlar tayfasına yol göstərməz.

(112/5, Maidə / 106-108)

Nəcm: 694

109. Allah, elçiləri toplayacağı gün belə deyəcək: “Sizə verilən cavab nədir?” Onlar deyəcəklər: “Bizim heç bir elmimiz yoxdur; şübhəsiz ki, görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilən məhz Sənsən.”

110. O zaman Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənə olan və anana olan nemətimi xatırla! O vaxt Mən, səni Allahın vəhyi ilə qüvvətləndirmişdim. Yüksək mövqedə olan biri olaraq və yetkin biri olaraq insanlarla danışırdın. O vaxt sənə Kitabı, haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qayda-qanun və prinsipləri, Tövratı və İncili öyrətmişdim.

O vaxt Mənim icazəmlə / məlumatım daxilində palçıqdan; gildən (keramikadan) quş şəkli kimi bir şey (buxurdan) düzəldirdin. Sonra da onun içinə üfürürdün; aerozol əmələ gətirirdin, onlar da (xəstəlik yayan; aşılayan həşəratlar) Mənim icazəmlə quş olub uçurdu / dərhal çıxıb gedirdi. Anadangəlmə koru və vitiliqo xəstəliyinə tutulmuş kimsəni icazəmlə / elmimlə sağaldırdın. Yenə Mənim icazəmlə / elmimlə sosial ölüləri çıxarırdın / canlandırırdın. Və o vaxt İsrail oğullarına açıq-aşkar dəlillərlə gəldiyin, onlardan Allahın məbud və rəbb olduğuna inanmayanların: “Bu ancaq açıq-aydın bir sehrdir!” dedikləri zaman səni onlardan qorumuşdum.

111. Və o vaxt həvarilərə: “Mənə və Elçimə inanın” deyə vəhy etmişdim. Onlar: “İnandıq!” Və “Bizim həqiqətən müsəlmanlar olduğumuza şahid ol!” demişdilər.

112. O vaxt həvarilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə nazil edə bilərmi?” demişdilər. İsa: “Əgər iman edirsinizsə, Allahın mühafizəsi altına daxil olun” demişdi.

113. Həvarilər: “Biz istəyirik ki, ondan yeyək, ürəyimiz əməlli-başlı sakit olsun, sənin bizə doğru dediyini bilək və biz də buna şahid olaq” dedilər.

114. Məryəm oğlu İsa: “Allahım, Rəbbimiz! Bizim üstümüzə, bizim üçün, əvvəlkilərimiz və sonrakılarımız üçün bir bayram və Sənin [tərəfindən] bir işarət / nişan olaraq göydən bir süfrə endir. Və bizə ruzi ver. Və Sən ruzi verənlərin ən xeyirlisisən!” dedi.

115. Allah dedi ki: “Şübhəsiz ki, Mən, onu sizə nazil edənəm. Artıq bundan sonra sizdən kim iman gətirməsə, Mən ona aləmlərdən heç kəsə verməyəcəyim bir əzab verəcəyəm.”

116-118. Və o vaxt Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! İnsanlara ‘Məni və anamı, Allahın altındakılardan iki tanrı qəbul edin’ deyə sənmi dedin?” İsa dedi: “Sən paksan, mənim üçün həqiqət olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən onu demiş olsam, Sən bunu mütləq bilərdin. Sən, mənim daxilimdə / qəlbimdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmərəm. Şübhəsiz ki, məhz Sən görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənsən! Mən onlara yalnız Sənin mənə əmr etdiklərini [dedim]; ‘Mənim və sizin Rəbbiniz olan Allaha ibadət edin!’ dedim. Və mən, [onların] içində olduğum müddətcə onlara şahid idim. Nə zaman ki, Sən məni vəfat etdirdin; keçmişdə etdiklərimi və etməli olduğum halda etmədiklərimi bir-bir yadıma saldın / məni öldürdün, onlara nəzarət edən məhz Sən oldun. Və şübhəsiz ki, Sən hər şeyə ən yaxşı şahid olansan. Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin bəndələrindir və əgər onları bağışlasan, şübhəsiz Sən, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edənsən.”

119. Allah dedi ki: “Bu, doğru kəslərə düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün, içində əbədi qalacaqları, altından çaylar axan cənnətlər var.” Allah, onlardan razı olmuşdur, onlar da Ondan razı olmuşlar. Bax bu, ən böyük qurtuluşdur.

120. Göylərin, yer üzünün və bunların içində olan şeyin malikliyi, idarəsi yalnız Allahına məxsusdur. Və O, hər şeyə ən yaxşı qadir olandır.

(112/5, Maidə / 109-120)

Dipnot:

[i] Bax: 345 nömrǝli qeyd.

[ii] Burada 103 nömrǝli ayǝdǝ “Allah; bǝhirǝ, saibǝ vǝ ham [adlı] heç bir şey nǝzǝrdǝ tutmamışdır [buyurmamışdır]. Ancaq inkar edǝn şǝxslǝr, Allaha qarşı yalan düzüb-qoşub uydururlar. Vǝ onların bir çoxu dǝrk etmǝz.” sözlǝri ilǝ cahiliyyǝt dövründǝ ǝrǝblǝrin sahib olduqları bǝzi dini inanışlar rǝdd edilmǝkdǝdir. Cahiliyyǝt dövründǝ ǝrǝblǝrin heyvanlarla bağlı bir çox batil inanışı var idi. Belǝ ki: Bahirǝ: Dişi dǝvǝ beş dǝfǝ doğduqdan sonra, ǝrǝblǝr ona minmǝyi vǝ belinǝ yük vurmağı haram sayır, yununu da qırxmırdılar. Beşinci balası erkǝk olsa, balasını qurban edirdilǝr, dişi olsa qulaqlarını yarırdılar. Bu da onun nǝzir olduğunu göstǝrirdi. Saibǝ: Bir nǝfǝr xǝstǝlǝndikdǝ, yaxud bir şey itdikdǝ vǝ ya bir müsibǝt üz verdikdǝ, bir dǝvǝni sǝrbǝst buraxmağı nǝzir deyirdilǝr. Xǝstǝ sağaldıqda, yaxud itǝn ǝşya tapıldıqda, yaxud müsibǝt sovuşduqda dǝvǝni azad edir, ona yük vurmur, belinǝ minmir vǝ onu kǝsmirdilǝr. O heyvanı sǝrbǝst buraxırdılar. Vǝsilǝ: Qoyun bir erkǝk, bir dişi olmaqla ǝkiz balaladıqda, erkǝyi kǝsmir, “Bacısı ona çatdı” deyirdilǝr. Belǝ qoyunlara da ǝsilǝ adı verirdilǝr. Ham: Bir erkǝk dǝvǝnin nǝslindǝn on dǝvǝ dünyaya gǝldikdǝ, yaxud da bu dǝvǝ öz balasının balasını gördükdǝ, ona yük vurmur, belinǝ minmir, “O özünü qorudu” deyirdilǝr.

2018-01-21T20:14:54+00:00