RUM SURƏSİ
MƏKKƏ DÖVRÜ

RUM SURƏSİ

Nəcm: 375

1. Əlif / 1, Lam / 30, Mim / 40.[i]

2-6. Rumlular / Bizanslılar, yer üzünün ən alçaq / çökək yerində məğlub oldular. Onlar, bu məğlubiyyətlərindən sonra bir neçə il içində qalib gələcəklər. Bundan əvvəl və sonra hökm Allahındır. Və o gün möminlər, Allahın köməyiylə sevinəcəklər. Allah, Özünün bir vədi olaraq, istədiyinə kömək edər, onu müzəffər edər. Allah vədindən dönməz. Amma insanların çoxu bilmir. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, geniş mərhəmət sahibidir.

7. İnsanların çoxu, bəsit dünya həyatının zahirini bilir. Və axirətə əhəmiyyət verməyənlər də məhz onlardır.

(84/30, Rum / 1-7)

Nəcm: 376

8. Öz-özlüklərində heç düşünmürlərmi ki, Allah göylərdə, yerdə və bu ikisi arasında olan hər şeyi yalnız haqq olaraq və müəyyən bir müddət üçün yaratmışdır? Və şübhəsiz ki, insanların çoxu Rəbbi ilə qarşılaşacağını həqiqətən bilərək inkar edir / buna inanmır.

9. Onlar, yer üzündə gəzib-dolanaraq, özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmırlarmı? Onlar özlərindən daha güclü idilər; yer üzünü qazıb altını üstünə çevirmişdilər, yer üzünü onlardan daha çox abad etmişdilər. Elçiləri onlara neçə-neçə açıq-aşkar dəlil gətirmişdi. O halda, Allah onlara haqsızlıq edəsi deyildi, lakin onlar şirk qoşaraq özlərinə haqsızlıq edirdilər.

10. Sonra Allahın ayələrini / işarətlərini / nişanələrini təkzib etdikləri üçün, pislik edən o kəslərin aqibəti, “ən pis” oldu. Onlar istehza da edirdilər.

(84/30, Rum / 8-10)

Nəcm: 377

11,12. Allah, əvvəlcə əmələ gətirər, sonra da onu qaytarar. Sonra da Ona qaytarılacaqsınız. Qiyamətin qopduğu anda günahkarlar naümid olar.

13. Onlar üçün şərik qoşduqlarından şəfaət edən; kömək göstörən heç kim tapılmaz. Və onlar, öz şəriklərini rədd etdilər / qəbul etmədilər.

14. Və Saatın qopduğu gündə, bax o gün onlar ayrılarlar.

15. İndi, iman etmiş və yaxşılaşdırmaq qayəsi ilə əməl işləmiş kəslərə gəldikdə; artıq onlar, bir bağça içində sevincli olacaqlar.

16. Kafirlere [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə], ayələrimizi və axirət görüşünü inkar edən kəslərə gəldikdə isə, bax onlar əzab içində hazır saxlanılacaqlar.

17,18. Elə isə, axşama çıxanda, səhərə çıxanda, gecə əsnasında, günortaya çatanda; daim Allahı bütün nöqsanlıqlardan pak tutmalısınız! Göylərdə və yerdə də bütün təriflər yalnız Ona aiddir; başqasını tərifləmək olmaz.

19. O, ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır və yer üzünə ölümündən sonra həyat verər. Sizlər də bax eləcə çıxarılacaqsınız.

(84/30, Rum / 11-19)

Nəcm: 378

20. Onun sizi bir torpaqdan əmələ gətirməsi də Onun əlamətlərindən / işarətlərindəndir. Daha sonra siz, indi, [yer üzünə] yayılıb səpələnən insanlar oldunuz.

21. Yenə Onun əlamətlərindən / işarətlərindəndir ki, aranızda istilik olsun deyə sizin üçün öz nəfsinizdən zövcələr əmələ gətirmiş, aranızda bir məhəbbət və mərhəmət yaratmışdır. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir qövm üçün nə qədər işarətlər / nişanələr var.

22. Yenə göylərin və yerin əmələ gətirilməsi, dillərinizin və rənglərinizin müxtəlifliyi Onun əlamətlərindən / işarətlərindəndir. Şübhəsiz ki, bunda alimlər üçün nə qədər işarətlər / nişanələr var.

23. Yenə gecə və gündüz yatıb dincəlməyiniz və nemətlərindən ruzi axtarmağınız da Onun əlamətlərindən / işarətlərindəndir. Şübhəsiz ki, bunda qulaq asan bir qövm üçün nə qədər işarətlər / nişanələr var.

24. Yenə Onun ayələrindəndir ki, sizə həm qorxu, həm də ümid vermək üçün şimşəyi göstərir. Və göydən su endirib onunla yer üzünə ölümündən sonra həyat verir. Şübhəsiz ki, bunda ağlını işlədən bir qövm üçün nə qədər işarətlər / nişanələr var.

25. Göyün və yer üzünün Onun əmri ilə dayanması yenə Onun əlamətlərindən / işarətlərindəndir. Sonra sizi yer üzündən tək bir çağırışla çağırdıqda, bir də görəcəksiniz ki, çıxarılırsınız.

46. Sizə Öz rəhmətindən daddırması, əmri ilə gəmilərin üzüb getməsi və sahib olduğunuz nemətlərin əvəzini ödəyəsiniz deyə nemətlərindən ruzi axtarmağınız üçün küləkləri müjdəçi olaraq göndərməsi də Onun əlamətlərindən / işarətlərindəndir.

26. Göylərdə və yerdə kim varsa, hamısı Onundur. Hamısı də Ona ehtiram edər.

27. Və O, əmələ gətirmə [prosesini] başladan, sonra onu qaytarıb təzədən [əmələ] gətirəndir. Və bu iş Onun üçün çox asandır. Və göylərdə və yerdə ən uca misal Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.[ii]

(84/30, Rum / 20-25-46, 26-27)

Nəcm: 379

28. Allah, sizə özünüzdən bir məsəl çəkər: Qanunla sizə tabe olan kəslərdən,[iii] sizə ruzi olaraq verdiyimiz şeylərdə sizinlə şərik olanlar varmı ki, onlarla bərabər olasınız və özünüzə [məxsus işlərdə] çəkindiyiniz / özünüzə qiymət verdiyiniz kimi onlarla da qarşılıqlı olaraq çəkinəsiniz / bir-birinizə eyni dərəcədə qiymət verəsiniz, bir-birinizə bərabər olasınız? Biz, ağlını işlədən bir qövm üçün ayələri bax belə izah edirik.

29. Əksinə, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər, nadanlıqla boş, müvəqqəti istəklərinə qapıldılar. Yaxşı, Allahın yoldan çıxardığını kim yola gətirə bilər? Onlar üçün bir köməkçi də yoxdur.

(84/30, Rum / 28-29)

Nəcm: 380

30. O halda sən üzünü, köhnə etiqadlarını tərk edən biri olaraq dinə, Allahın insanları ilk dəfə yoxdan yaratdığı fitrətə tərəf tut. Allahın yaratmasında bir dəyişiklik olmaz. Doğru / möhkəm din, budur. Lakin insanların çoxu bilmir.

31,32. Qəlbən Ona yönələnlər olaraq, Allahın mühafizəsi altına daxil olun, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın-qoruyun], şərik qoşanlardan; dinlərini parçalayıb firqə-firqə bölən, firqələrə ayrılan kəslərdən də olmayın. –Hər firqə öz yanındakı şeylə sevinib təkəbbür göstərər.–

(84/30, Rum / 30-32)

Nəcm: 381

33,34. İnsanlara bir çətinlik üz verdikdə, Rəbbinə tərəf dönüb Ona yalvarırlar. Sonra, onlara Öz dərgahından bir mərhəmət etdikdə, bir də görürsən ki, içlərindən bir dəstə, özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün Rəbbinin şərikləri olduğunu qəbul edir. –Haydı, bəhrələnin! Tezliklə biləcəksiniz.–

35. Yoxsa Biz onlara bir dəlil nazil etdik və o dəlil, onların Allaha şərik qoşduqları şeyləri söyləyir?

36. Biz insanlara bir rəhmət daddırsaq, onunla sevinib yoldan çıxırlar. Öz əlləri ilə qabaqcadan etdikləri işlər səbəbiylə onlara bir pislik üz versə, dərhal ümidsizliyə düşürlər.

37. Onlar, həqiqətən Allahın dilədiyi kimsəyə ruzini bol verdiyini və [yaxud] məhdudlaşdırdığını da görmürlərmi? Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün işarətlər / nişanələr var.

38. Elə isə, yaxınlıqda olana; yurdlarından çıxarılan kasıblara, miskinə və yolçuya haqqını ver. Bu, Allahın rizasını diləyənlər üçün daha xeyirlidir. Və bunlar öz vəziyyətini qoruyan, zəfər qazanan kəslərin məhz özüdür.

39. Və başqalarının malları içində artsın deyə sələmlə verdikləriniz, Allah yanında artmaz. Allahın rizasını diləyərək zəkatdan / vergilərdən verdikləriniz… Bax, o kəslər, qat-qat artıranlardır!

(84/30, Rum / 33-39)

Nəcm: 382

40. Allah, sizi əmələ gətirən, sonra sizə ruzi verən, sonra sizi öldürən və sizi dirildəndir. Heç sizin şərik qoşduqlarınızdan, bunlardan hər hansı birini edəcək kimsə varmı? Allah onların qoşduqları şəriklərdən pak və çox ucadır.

41. İnsanlar [bəlkə] qayıdar deyə, öz əlləri ilə qazandıqları şeylər səbəbindən, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə fəsad meydana gəldi.

42. De ki: “Yer üzündə gəzib-dolanın və bundan əvvəlkilərin aqibətinin necə olduğuna bir baxın. Onların çoxu şərik qoşanlar idi.”

43-45. Elə isə, Allah tərəfindən, qarşısıalınmaz bir gün gəlməmişdən əvvəl üzünü doğru / qoruyan dinə çevir. O gün onlar, Allahın, iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə nemətləriylə əvəz verməsi üçün dəstə-dəstə ayrılacaqlar. Şübhəsiz ki, O, kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənləri] sevməz. Kim küfr işləsə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etsə], bu inkarı / inanmaması öz əleyhinədir. Kim də saleh əməl işləsə, artıq onlar özləri üçün döşək / rahat bir yer hazırlamış olarlar.

48. Allah küləkləri göndərəndir. Sonra küləklər, bir buludu sovurur. Sonra Allah onu səmada necə istəsə elə yayır və onu topa-topa edir. Sonra da sən, onun dərinliklərindən yağış çıxdığını görərsən. Allah, onu bəndələrindən istədiyi kəslərə göndərəndə, onlar müjdə alır, sevinirlər.

49. Halbuki onlar, əvvəlcə; üstlərinə [yağış] göndərilməmişdən əvvəl qəti surətdə naümid olmuşdular.

50. Elə isə, Allahın mərhəmətinin əsərlərinə bax; gör yer üzünü ölümündən sonra necə dirildir? Şübhə yoxdur ki, O, həqiqətən ölüləri dirildir və O, hər şeyə qadirdir.

51. Və and olsun ki, Biz bir külək göndərsək, Allahın rəhmətinin əsəri olan bitkilərin saraldığını görsələr, mütləq onun arxasından küfr işləməyə, Bizim məbud və rəbb olduğumuzu bilə-bilə inkar etməyə başlayarlar.

52. Buna görə də, sən ölülərə eşitdirə bilməzsən. Arxalarını çevirib gedən karlara da o dəvəti yetirə bilməzsən.

53. Sən korları da azğınlıqlarından düz yola qaytara bilməzsən. Sən ayələrimizi ancaq iman edəsi olanlara eşitdirərsən; artıq onlar müsəlmandırlar.

54. Allah, sizi zəif olaraq əmələ gətirəndir. Sonra o zəifliyin ardınca qüvvə gətirdi. Sonra o qüvvətin ardından zəiflik və qocalıq gətirdi. O, istədiyini yaradır. Və O, ən yaxşı biləndir, hər şeyə qadirdir.

(84/30, Rum / 40-45, 48-54)

Nəcm: 383

55. Və qiyamətin qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar bax belə döndərilirdilər.

56. Elm və iman verilən kəslər də deyəcəklər ki: “And olsun ki, Allahın yazısında, diriliş gününə qədər qaldınız. Bax bu, ölümdən sonra diriliş günüdür. Lakin siz bunu bilmirdiniz.”

57. Artıq o gün şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərə, bəhanələri fayda verməz. Onlar, bağışlanmazlar.

(84/30, Rum / 55-57)

Nəcm: 384

58. Və and olsun ki, Biz, insanlar üçün bu Quranda həqiqətən hər cür misallar gətirdik. Və and olsun ki, sən onlara bir ayə də gətirsən o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər]: “Siz, sadəcə, batil şeyləri ortaya çıxarırsınız” deyəcəklər.

59. Bilməyən kəslərin qəlbləri üzərinə Allah bax belə möhür vurar.

47. Və and olsun ki, Biz səndən əvvəl müəyyən elçiləri öz qövmlərinə göndərdik və onlar onlara açıq-aşkar dəlillər gətirdilər. Sonra Biz, günah işləyən kəsləri tutub cəzalandıraraq ədaləti təmin etdik. Möminlərə yardım etmək də Bizim öhdəmizdə bir haqq idi.[iv]

60. İndi sən səbirli ol. Şübhəsiz ki, Allahın vədi haqdır. Qəti inanmamış kəslər, səni əsla yüngüllüyə vadar etməsinlər.

(84/30, Rum / 58-59, 47, 60)

Dipnot:

[i] Bax: 8 nömrǝli qeyd.

[ii] “Rǝsmi Müshǝf”dǝ 46-cı yerdǝ olan bu ayǝnin ǝslindǝ buraya aid olduğu qǝnaǝtindǝyik.

[iii] Bax: 303 nömrǝli qeyd.

[iv] “Rǝsmi Müshǝf”dǝ 47-ci yerdǝ olan bu ayǝnin ǝslindǝ buraya aid olduğu qǝnaǝtindǝyik.

2018-01-21T16:05:13+00:00